Sağlamlıq | Qalxanabənzərin qılıncı korşalanda

// Hipotireoz nədir və onunla nə etmək lazımdır

      Sağlamlıq |    Qalxanabənzərin qılıncı korşalanda
  05 Fevral 2025    Oxunub:533
Əgər özünüzü daim yorğun hiss edir və səbəbsiz kökəlirsinizsə, günahkar qalxanvari vəziniz ola bilər.
Hipotireoz - qalxanvari vəzin (latınca thyreoidea - "tiroid vəzi") kifayət qədər tiroid hormonları istehsal etmədiyi vəziyyətdir. Bu hormonlar maddələr mübadiləsində mühüm rol oynayır və ürək döyüntüsündən tutmuş, bağırsaqların funksiyasına qədər çoxlu prosesləri tənzimləyir. Kifayət qədər hormon yoxdursa, proseslər yavaşlayır. Bədən ahəngini itirməyə başlayır.
Hipotireozun əlamətləri

Tiroid hormonlarının çatışmazlığı tədricən hiss olunur. Ən çox görülən əlamətlər daimi yorğunluq və çəki artımıdır. Problem ondadır ki, insanlar çox vaxt onlara məhəl qoymurlar - bunu tənbəllik, ya da yaşla bağlı dəyişikliklərlə əlaqələndirirlər. Qalxanabənzər vəz xəstəliyi olan insanların 60 %-ə qədəri bunun hormonlarla bağlı olduğunu dərk etmir. Hipotireoz çox vaxt 40 yaşdan yuxarı qadınlara təsir göstərir.

Dəyişikliklər bədəndə toplanır və tədricən digər simptomlar da görünür:
- Soyuğa dözümsüzlük, artan həssaslıq;
- Əzələ zəifliyi, yorğunluq;
- Üzün, ayaqların və əllərin şişməsi;
- Müntəzəm qəbizlik;
- Yavaş nəbz (norma ilə müqayisədə ürək döyüntülərinin azalması);
- Quru dəri;
- Kövrək dırnaqlar və saçlar;
- Əzələlərdə və oynaqlarda tez-tez səbəbsiz ağrı;
- Nizamsız və ya ağrılı menustrasiyalar;
- Yaddaş və konsentrasiya pozğunluqları;
- Depressiyaya qədər inkişaf edən dilxor, məyus ovqat;
- Yüksək xolesterol səviyyəsi;
- Səsdə xırıltı (hormonların istehsalının öhdəsindən gələ bilməyən tiroid vəzi böyüməyə başlayanda traxeyanı sıxdığı üçün səs xırıldamağa başlayır);
- boyunda genişlənmiş şişkinlik - zob.

Hipotireoz haradan gəlir?

Tiroid vəzindəki pozğunluqların yod çatışmazlığı ilə əlaqəli olduğuna dair fikir var. Bəzən bu, doğrudur. Amma yaxşı qidalanırsınızsa, güman ki, məsələ yodda deyil. Hipotireozdan şübhələnəndə bioəlavələr qəbul etməyə tələsməyin. Qalxanavari vəzin fəaliyyəti azalıbsa, vitaminlər vəziyyətinizi yaxşılaşmayacaq.


Hipotireoz çox vaxt autoimmün proseslər səbəbindən baş verir: bədəniniz öz orqanlarına və toxumalarına hücum edən anticismlərin istehsalına başlayır. Bunun niyə baş verdiyini elm adamları hələ tam başa düşməyiblər.

Hamiləlik, müəyyən dərmanların qəbulu, şüa terapiyası, hipofiz şişləri (beyindəki bu vəz qalxanabənzər vəzi idarə edir) və hətta irsiyyət də qalxanabənzər vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Sizdəki hipotireoza nəyin səbəb olduğunu yalnız ixtisaslı həkim müəyyən etməlidir.

Hipotireozu necə müalicə etmək olar

İlk və ən vacib məqam heç bir halda özbaşına dərman qəbul etməməkdir. Hipotireozun ilk əlamətləri diabet kimi digər xəstəliklərlə də bağlı ola bilər. Yalnız həkim dəqiq diaqnoz qoymalı və müalicə təyin etməlidir. O sizi müayinə edəcək, sağlamlığınız, həyat tərziniz, simptomlar, ailə xəstəlikləri, qəbul etdiyiniz dərmanlar barədə soruşacaq, qan və sidik analizləri üçün göndəriş verəcək. Testlərin nəticəsi tiroid hormonlarının səviyyəsində problem olduğunu göstərsə endokrinoloqa müraciət etməlisiniz.

Testlərin nəticələrini özünüz şərh etməyə çalışmayın - bu, təcrübə və ixtisas tələb edən çətin bir işdir.

Tiroid vəzi iki növ hormon istehsal edir: tiroksin (T4) və triiodotironin (T3). Lakin onların aşağı səviyyəsi düzgün diaqnoz qoymaq üçün kifayət deyil. Qalxanabənzər vəzin vəziyyətini qiymətləndirmək üçün tiroid hormonları ilə yanaşı, hipofiz hormonunun (tiroidi stimullaşdıran hormon, TSH) analizi aparılır. Diaqnoz T4, T3, TSH səviyyələrinin birləşməsinə əsaslanır.

Hipotireoz təsdiqlənərsə, həkim sizə tərkibində tiroksin olan sintetik həblər təyin edəcək, sizə uyğun olan gündəlik dozanı seçəcək. Özbaşına dərman qəbul etməyin və dərmanlarla təcrübə aparmayın: T4-ün artması onun çatışmazlığından daha yaxşı deyil. Bu, tez-tez yuxusuzluğa, əsəbiliyə, iştahın artmasına və sürətli ürək döyüntüsünə səbəb olur.

Bəzi hallarda tiroid vəzinin cərrahi yolla çıxarılması tələb olunur. Zob nəfəs almağa mane olan ölçülərə qədər böyüyübsə və ya həkim bir şişin (xoş və ya bədxassəli) inkişafından şübhələnirsə, əməliyyat tövsiyə olunur. Əməliyyatdan sonra hormon səviyyənizi normal vəziyyətə gətirmək üçün sizə yenidən tiroksin təyin ediləcək.

Röya Əliyeva
AzVision.az


Teqlər: Hipoterioz   Tibb   Sağlamlıq  





Xəbər lenti